- 27 Feb 2024
Bakı Avrasiya Universitetində “Humanitar elmlərdə yaşıl dünya:
ekolinqvistika, ekotənqid, ekotərcümə” Respublika Konfransı keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda 2024-cü ilin “Yaşıl Dünya naminə həmrəylik ili” elan etməsi haqqında sərəncamına əsasən 23 fevral 2024-cü il tarixində Bakı Avrasiya Universitetinin Nəzəri dilçilik və türk dilləri, Azərbaycan və dünya ədəbiyyatı, Tərcümə, Xarici dil və ədəbiyyat kafedralarının birgə təşkilatçılığı ilə “Humanitar elmlərdə yaşıl dünya: ekolinqvistika, ekotənqid, ekotərcümə” Respublika konfransı keçirilib.
BMT-nin Azərbaycanda Dayanaqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində bu gün böyük işlər həyata keçirilir. Aparılan işlər çərçivəsində atılan addımlar yaşıl dünya naminə, sağlam gələcək naminə həmrəy olmağımız son beş il ərzində Azərbaycan 2030 gündəliyinə nail olmaq hədəflərinin göstəricilərindəndir. Bu məqsədlə Bakı Avrasiya Universitetində keçirilən “Humanitar elmlərdə yaşıl dünya: ekolinqvistika, ekotənqid, ekotərcümə” konfransı, konfransa təqdim olunan məruzələr özündə çox vacib olan həlli məsələləri daşıyır.
Konfransın açılış mərasimində universitetin Elmi işlər üzrə prorektoru, siyasi elmlər doktoru professor Gülzar İbrahimova, AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru dosent Aygün Bağırlı, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bir-birindən maraqlı çıxışlar ediblər. Konfransın açılış mərasiminin sonunda Tərcümə kafedrasının baş müəllimi Günel Kazımova BMT-nin Dayanıqlı İnkişaf yolunda məqsədlərini özündə ehtiva edən təqdimatı konfrans iştirakçılarına nümayiş etdirib. Konfransda BAAU-nun, habelə, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutunun əməkdaşları arasından əlli üç məruzəçi Azərbaycan elmində; dilçilik, ədəbiyyatşünaslıq, tərcüməşünaslıq sahələrində tamamilə yeni bir cığır olan ekolinqvistika, ekotənqid və ekotərcümə istiqamətlərində bir-birindən maraqlı məruzələri ilə çıxış ediblər. Konfrans, proqramına əsasən, açılış mərasiminin ardından “Yaşıl Dünya” adlanan salonda plenar iclasla öz işini davab etdirib. Plenar iclasa filologiya elmləri doktoru professor Mayıl Əsgərov sədrlik edib. Ardından “Ekolinqvistika” , “Ekotənqid” və “Ekotərcümə” adlanan salonlarda bölmə iclasları öz işini davam etdirib. Plenar iclasın və hər bölmə iclasının sonunda məruzəçilər sertifikatlarla təltif ediliblər.
Konfransın “Ekolinqvistika” salonunun bölmə iclasına Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru dosent Zəminə Rüstəmbəyli, kafedranın əməkdaşı filologiya elmləri doktoru professor Həcər Hüseynova sədrlik ediblər. Konfransın “Ekotənqid” salonunun bölmə iclasına Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri filologiya elmləri doktoru professor Elmira Məmmədova-Kekeç, kafedranın əməkdaşı filologiya üzrə fəlsəfə doktoru dosent Səadət Şıxıyeva, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru dosent Günay Qarayeva sədrlik ediblər. Konfransın “Ekotərcümə” salonunun bölmə iclasına isə Tərcümə kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru dosent Sevda Rzayeva sədrlik edib. Bölmə iclaslarında universitetin tələbələri də dinləyici qismində iştirak ediblər və çox qiymətli biliklər əldə ediblər. Yüksək səviyyədə təşkil olunmuş “Humanitar elmlərdə yaşıl dünya: ekolinqvistika, ekotənqid, ekotərcümə” respublika konfransı işini yekunlaşdıraraq gözəl təəsüratlarla yadda qalıb.