- 23 Mar 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Beynəlxalq əlaqələr və layihələrin idarəedilməsi departamenti ilə Filologiya fakültəsinin Tərcümə kafedrasının baş müəllimi Elvin Abbasbəylinin moderatorluğu ilə “Translators and Interpreters in Conversation” adlı vebinar silsiləsi çərçivəsində “The Duty of Confidentiality for Translators and Interpreters along the Years” mövzusunda növbəti vebinar təşkil olunub.
Sözügedən vebinar hər kəsə açıq və onlayn formatda google meet platforması üzərindən təşkil edilib. Vebinarda BAAU-nun və müxtəlif yerli, həmçinin xarici universitetlərin professor-müəllim heyəti, doktorantlar, magistrantlar, tələbələr, həmçinin sahə üzrə mütəxəssislər iştirak ediblər.
Vebinar BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayevanın açılış nitqi ilə başlayıb. O, vebinarın aktuallığını vurğulayıb, qloballaşan dünyada peşəkar tərcüməçilik fəaliyyətinin əhəmiyyətindən bəhs edib. Prorektor beynəlxalq əməkdaşlıq platformalarının genişləndirilməsinin tələbə və mütəxəssislər üçün yeni perspektivlər yaratdığını qeyd edib və bu peşədə məxfilik prinsiplərinin vacibliyindən danışıb.
Vebinar beynəlxalq təcrübəyə malik konfrans tərcüməçisi, AIIC (Konfrans Tərcüməçilərinin Beynəlxalq Assosiasiyası) üzvü cənab Martín Barrère-nin təqdimatı ilə davam edib. Qonaq çıxışından öncə vebinar iştirakçılarını Ramazan və Novruz bayramları münasibəti ilə təbrik edib və öz xoş arzularını çatdırıb. Sonra hazırladığı təqdimatla tərcümə və tərcüməçilik sahəsində məxfilik prinsiplərinin əhəmiyyəti və inkişaf mərhələləri, bu sahədə peşə etikası və illər ərzində formalaşan yanaşmalar barədə iştirakçıları məlumatlandırıb, eləcə də O, bu istiqamətdə özünün illər ərzində topladığı təcrübələrini bölüşüb.
Vebinar çərçivəsində iştirakçıların sualları cavablandırılıb, sahə üzrə beynəlxalq standartlar və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Vebinar interaktiv formatda keçirilib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.




