- 17 Jun 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Kitabxana-informasiya mərkəzinin təşkilatçılığı ilə Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Ümumi fənlər kafedrasının müdiri, dosent Sevil Bəhrəmova və kafedranın dosenti Könül Mahmudova tərəfindən hazırlanmış və həmmüəllif olduqları “Heydər Əliyev – Azərbaycan elmi və təhsili” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
Tədbirdə BAAU-nun professor-müəllim heyəti, tələbələr, Azərbaycan Respublikasının Təhsil İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları, kitabın elmi redaktorları, ali və ümumtəhsil müəssisələrinin nümayəndələri, elmi ictimaiyyətin üzvləri və digər qonaqlar iştirak ediblər.
Giriş sözü ilə tədbiri BAAU-nun Ümumi fənlər kafedrasının baş müəllimi Məleykə Adıgözəlova açaraq qonaqları salamlayıb və nəşrin elmi-pedaqoji əhəmiyyətini vurğulayıb.
BAAU rektorunun müşaviri Şəfahət Əliyev müəllifləri yeni dərs vəsaitinin işıq üzü görməsi münasibətilə təbrik edərək bildirib ki, nəşr Ümummilli Lider Heydər Əliyevin elm və təhsil siyasətinin öyrənilməsi, formalaşdırdığı strateji baxışların gənc nəslə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim, dosent Faiq Şahbazlı çıxışında dərs vəsaitinin məzmunu, strukturu və elmi-metodiki üstünlükləri barədə məlumat verib. O, qeyd edib ki, nəşrdə Heydər Əliyevin Azərbaycan elm və təhsilinin inkişafına verdiyi töhfələr sistemli şəkildə araşdırılıb və həyata keçirilən siyasətin əsas istiqamətləri elmi əsaslarla təqdim olunub.
BAAU-nun Elm və innovasiya sektorunun müdiri, dosent Vüsalə Həsənova universitetdə elmi fəaliyyətin təşviqi istiqamətində görülən işlərdən danışaraq belə nəşrlərin akademik mühitin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, həmçinin dosent Sevil Bəhrəmovanın universitetin elmi həyatındakı fəallığını və gənc tədqiqatçılara göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Kitabın elmi redaktoru dosent Əlyənnağı Məhərrəmov dərs vəsaitinin elmi və metodiki əhəmiyyətini qeyd edərək onun gələcək müəllim kadrlarının hazırlanmasında faydalı mənbə olacağını bildirib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri, dosent, Əməkdar müəllim Anaxanım Yusifova həmmüəllif Könül Mahmudovanın elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək onun təhsil sahəsindəki xidmətlərini vurğulayıb. ADPU əməkdaşları dosent Elnurə Səfərova və dosent Təranə Abdullayeva da çıxışlarında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş dərs vəsaitinin hazırlanmasının böyük məsuliyyət tələb etdiyini bildirərək müəlliflərə uğurlar arzulayıblar.
Digər çıxış edənlər, yəni BAAU-nun Tədrisin təşkili departamentinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Natella Quliyeva, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Kekeç Məmmədova, İqtisadiyyat kafedrasının müdiri dosent Vüsalə Nağıyeva, Ümumi fənlər kafedrasının dosenti Vüsalə Əsədova, 212 nömrəli tam orta məktəbin direktoru Sevil Cavadova, filoloq Mərdan Camalov, “Tariximizə sahib çıxaq” İctimai Birliyinin sədri Araz Şamilov və digər iştirakçılar müəlliflərin elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirərək yeni nəşrin Azərbaycan təhsil ədəbiyyatına mühüm töhfə olduğunu vurğulayıblar.
Ümumi fənlər kafedrasının əməkdaşları dosent Jalə İsmayılova və müəllim İmmi Hüseynova da müəlliflərin elmi fəaliyyəti və şəxsi keyfiyyətləri barədə fikirlərini bölüşərək onları yeni yaradıcılıq uğuru münasibətilə təbrik ediblər.
Tədbirin sonunda müəlliflər dərs vəsaitinin hazırlanma prosesi barədə məlumat veriblər. Dosent Sevil Bəhrəmova mövzuların seçilməsi, təlim nəticələrinin, sual və tapşırıqların hazırlanması zamanı aparılan müzakirələrdən söz açıb. O bildirib ki, dosent Könül Mahmudova ilə uzun illərə söykənən əməkdaşlıq çərçivəsində daha əvvəl də “Həyat bilgisi” fənni üzrə kurikulum və dərsliklərin hazırlanmasında birgə fəaliyyət göstəriblər. Dosent Sevil Bəhrəmova universitetdə yaradılmış əlverişli elmi mühitə və göstərilən dəstəyə görə BAAU-nun rektoru, dosent Səyavuş Qasımova təşəkkürünü ifadə edib.
Həmmüəllif dosent Könül Mahmudova isə çıxışında dərs vəsaitinin Azərbaycan Dövlət Pedaqoji Universitetində tədris olunan müvafiq fənnin proqramına uyğun hazırlandığını və tələbələr üçün etibarlı elmi-metodiki mənbə olduğunu qeyd edib. O, gələcəkdə də yeni elmi və metodiki nəşrlər üzərində çalışacaqlarını vurğulayıb.
Sonda tədbirin moderatoru Məleykə Adıgözəlova müəllifləri təbrik edərək onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, “Heydər Əliyev – Azərbaycan elmi və təhsili” dərs vəsaiti Ümummilli Lider Heydər Əliyevin elm və təhsil siyasətinin öyrənilməsi və təbliği baxımından mühüm elmi-metodiki əhəmiyyətə malikdir. Nəşr ali təhsil müəssisələrinin tələbələri, magistrantları, doktorantları, müəllimləri və tədqiqatçıları üçün dəyərli mənbə olmaqla yanaşı, Azərbaycan təhsil tarixinin mühüm mərhələlərinin araşdırılmasına da töhfə verir.




