Xəbərlər

Əjdər Yunusov. “Şuşanın 270 illik tarixindən mühazirələr” silsilə açıq dərslər (Qarabağ tarixinə ümumi baxış)

Əjdər Yunusov. “Şuşanın 270 illik tarixindən mühazirələr” silsilə açıq dərslər (Qarabağ tarixinə ümumi baxış)
  • 12 May 2022

Əjdər Yunusun  “Şuşanın 270 illik tarixindən mühazirələr” mövzusunda mühazirəsi  dinlənilib.

Bakı Avrasiya Universitetində “Şuşa ili” tədbirləri çərçivəsində dəyərli tədqiqatçı Əjdər Yunusun “Şuşanın 270 illik tarixindən mühazirələr” mövzusunda mühazirəsi dinlənilib.

Məruzəçi alim Qarabağın siyasi tarixində Şuşa şəhərinin önəmi, inzibati siyasi mərkəz kimi tarixinin  öyrənilməsində mənbələrin rolu, eyni zamanda tarixi siyasi abidələrin araşdırılmasından bəhs etdi.

Çıxış zamanı alim Şuşa qalasının uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olması ilə bağlı məlumat vermişdir: Şuşa qalasının salınması 1750-1751-ci illərə təsadüf edir. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənah Əli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, Qala-şəhərə çevirmişdir. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır.

Məruzəçi alim çıxışı zamanı bildirdi iki, XVIII əsrin ikinci yarısından başlayaraq şəhərin əhalisi sürətlə çoxalmış və Şuşa Azərbaycanın mühüm, strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilmişdir. Hələ Pənah Əli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılmış, sonralar İbrahimxəlil xanın (1763-1806-cı illər) dövründə Xanlıq daha da güclənmişdir. 

Əjdər Yunus həmçinin öz məruzəsində 1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələrin iştirakından, nümayiş olunan eksponatların xaricilərdə maraq oyatmasından bəhs edib.

Məruzənin əsas hissəsi tarixi məlumatları əks etdirib: XIX əsrin əvvəllərində - 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla Rusiyanın Qafqaz qoşunlarının baş komandanı general Sisianov arasında Kürəkçay müqaviləsi (“Andlı öhdəlik”) imzalandı. Bununla da Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil oldu və dərhal Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün ermənilərin bura köçürülməsinə başlandı. Bu fakt onu göstərir ki, ermənilərin Qarabağa dair ərazi iddiaları əsassızdır. Çünki əgər ermənilər Qarabağ xanlığında yaşayıb, vəzifə sahibi olsaydılar, general Sisianovla müqavilə Qarabağ xanı İbrahim xanla imzalanmazdı.

Əjdər Yunus çıxışında bildirdi ki, 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün yuxarı Qarabağın zəbt olunması həyata keçirildi. Nəticədə 289 kvadratkilometr ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü.

Əjdər Yunus Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər savaşından, Şuşanın azad edilməsindən bəhs etməklə qələbə əhvalı ilə məruzəsini yekunlaşdırdı.

Digər Xəbərlər