- 20 Jan 2023
Yanvarın 19-da Bakı Avrasiya Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə BAAU-nun inzibati-işçi və professor-müəllim heyəti iştirak edib. Tədbir ali təhsil müəssisələrinin beynəlmiləlləşmə problemlərinə həsr edilib. Bununla bağlı Belçikada bir həftəlik təlim və seminarlarda iştirak etmiş BAAU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Hüseynova, “Regionşünaslıq və İqtisadiyyat” fakultəsinin dekanı, dosent Mütəllim Rəhimov iştirakçılara ətraflı məlumat veriblər.
Mütəllim Rəhimov çıxışı zamanı ilkin olaraq beynəlmiləlləşmənin düzgün dərk edilməsinə diqqət yönəldərək bildirib ki, müasir Avropa təhsil sistemində bu anlayışa yanaşma xeyli fərqlidir. Belə ki, beynəlmiləlləşmədə universitetlərin bütün strukturlarının iştirakı nəzərdə tutulur. Hər bir bölmə öz fəaliyyətində bu tələbləri əsas götürür və ona öz töhfələrini verir. Beləliklə, universitetlər bütün yenilikləri elm və təhsil sisteminə, tələbə mübadiləsinə, tələbələrin sosiallaşmasına kifayət qədər qısa zamanda tətbiq edə bilirlər. Bizdə isə bu fəaliyyət universitetlərin beynəlxalq əlaqələr üzrə prorektorluğunun işi kimi başa düşülür. Təbii ki, bu da arzu edilən nəticələrin əldə olunmasına imkan vermir.
M.Rəhimov daha sonra keyfiyyətin beynəlxalq təminatı ilə bağlı fəaliyyət göstərən EFMD ilə bağlı məlumat verdi. Onun təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı tələblərini iştirakçılarının diqqətinə çatdırdı. BAAU-nun fəaliyyətinin bu tələblərə uyğunluğu məsələlərindən danışdı və fəaliyyətin keyfiyyət göstəricilərini müqayisəli şəkildə şərh etdi.
Universitetin prorektoru, dosent Nigar Hüseynova beynəlxalq tələbə mübadiləsi proqramları, o cümlədən, alman ali məktəblərinin və tələbələrinin birliyi kimi tanınan DAAD haqqında məlumatları bölüşdü. O dedi ki, DAAD-nin əsas fəaliyyəti gəncləri təqaüdlə təmin etmək, o cümlədən alman ali məktəblərinin beynəlmilləşməsini, inkişaf etməkdə olan ölkələrdə güclü ali məktəb sisteminin yaradılmasını, mühüm qərar verici orqanları təhsil sferasına dəstək verməyə cəlb etmək və təhsil sahəsində xarici əlaqələri və inkişaf siyasətini dəstəkləməkdir. N.Hüseynova eyni zamanda BAAU-nun tələbələrinin xaricdə təhsil imkanları və xarici tələbələrin BAAU-da təhsili məsələləri ilə bağlı da görülən işlərdən danışdı. İkili diplom layihəsi çərçivəsində BAAU-ya qəbul olunmuş magistrantların İtaliyanın Genuya universitetinin də diplomunu əldə etməsinin mümkünlüyünü vurğuladı.
Daha sonra tədbir müzakirələr və sual-cavab formasında davam edib.
Onu da qeyd edək ki, “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi üç il ərzində həyata keçiriləcək. Bu müddət ərzində müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Layihənin koordinatoru Bakı Biznes Universitetidir.