- 06 Feb 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Tərcümə kafedrasının təşkilatçılığı ilə “Translators and Interpreters in Conversation” adlı vebinar silsiləsi çərçivəsində konfrans tərcüməçiliyinə həsr olunmuş beynəlxalq vebinar keçirilib.
“From Principles to Practice: AIIC, Professional Ethics, and the Challenges Redefining the World of Conference Interpreting” mövzusunda baş tutan tədbir Google meet platforması üzərindən onlayn formatda Tərcümə kafedrasının baş müəllimi Elvin Abbasbəylinin moderatorluğu ilə təşkil olunub.
Vebinarda tərcümə ixtisası üzrə təhsil alan BAAU-nun tələbələri, magistrları, doktorantları, professor-müəllim heyəti, sahə üzrə yerli və beynəlxalq mütəxəssislər, eləcə də mövzuya maraq göstərən şəxslər iştirak ediblər.
Tədbiri Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva açılış nitqi ilə başlayıb. Prorektor çıxışı zamanı BAAU-da beynəlxalq əməkdaşlıqların inkişafı, elmi və peşəkar bilik mübadiləsinin əhəmiyyəti, eləcə də tərcüməçilik sahəsində qlobal standartların tədris prosesinə inteqrasiyasının vacibliyini vurğulayıb.
Vebinarın əsas məqsədi konfrans tərcüməçiliyinin beynəlxalq standartları, peşə etikası prinsipləri, Konfrans Tərcüməçilərinin Beynəlxalq Assosiasiyasının (AIIC) fəaliyyəti, eləcə də müasir dövrdə bu sahəni yenidən formalaşdıran aktual çağırışlar ətrafında elmi və peşəkar müzakirələrin aparılması olub.
Tədbirdə beynəlxalq səviyyədə tanınmış mütəxəssislər - AIIC üzvləri, konfrans tərcüməçiləri Hailong Liu və Tatiana Kaplun məruzəçi qismində çıxış ediblər. Məruzələr zamanı konfrans tərcüməçiliyində peşəkar məsuliyyət, etik davranış normaları, eləcə də qlobal təcrübələrə dair ətraflı məlumat təqdim olunub və sahənin aktual problemləri müzakirə edilib.
BAAU beynəlxalq təcrübə mübadiləsinin təşviqi, elmi biliklərin paylaşılması və tərcüməçilik sahəsində peşəkar inkişafın dəstəklənməsi məqsədilə bu kimi elmi və peşəkar tədbirlərin təşkilini davam etdirir.




