Xəbərlər

"CareerLAB" Şəbəkəsi layihəsi çərçivəsində tərcümə sahəsinə həsr edilmiş tədbir keçirilib

"CareerLAB" Şəbəkəsi layihəsi çərçivəsində tərcümə sahəsinə həsr edilmiş tədbir keçirilib
  • 10 Mar 2025

Bakı Avrasiya Universitetinin (BAAU) Karyera və Təlim Mərkəzinin (KTM), Azərbaycan Respublikasının Gənclər Fondunun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişafı və Karyera Mərkəzinin (GİKM), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı və universitetin Tələbə Gənclər Təşkilatının tərəfdaşlığı ilə "CareerLAB" Şəbəkəsi layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə GİKM-in, ATGTİ-nin, Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) nümayəndələri, BAAU-nun akademik-inzibati heyət üzvləri və Filologiya fakültəsinin Tərcümə ixtisası üzrə təhsil alan tələbələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Açılış nitqində BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dos. Sevda Rzayeva bu cür tədbirlərin tələbələrin peşəkar inkişafında mühüm rol oynadığını və universitetin daim gənclərin karyera perspektivlərini genişləndirməyə yönəldilmiş layihələri dəstəklədiyini vurğulayıb. GİKM-in Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri İsmayıl Süleymanov gənclərin ixtisaslarına uyğun karyera imkanları haqqında məlumatlılığını artırmaq məqsədilə keçirilən bu tip tədbirlərin əhəmiyyətindən danışıb. ATGTİ-nin üzv təşkilatlarla iş üzrə meneceri Bəxtiyar Quluzadə isə gənclərin şəbəkələşməsinin, bilik və bacarıqlarının artırılmasının onların gələcək uğurlarına təsir edəcəyini bildirib.
Açılış nitqlərindən sonra tədbir panel müzakirələri ilə davam edib. Paneldə AGTA-nın sədri Əli Əhmədov "Tərcüməçinin karyera imkanları və texnologiyanın inkişafı tərcümənin gələcəyini necə dəyişdirəcək?", BAAU-nun Tərcümə kafedrasının fransız dili müəllimi Günel Kazımova "Neft-qaz sahəsi üzrə ikitərəfli tərcümə", sərbəst tərcüməçi Pakizə Qasımova "Tərcümə sahəsinə başlayan bir gənc ilk illərində nələrə diqqət etməli və hansı addımları atmalıdır?", peşəkar sinxron tərcüməçi Ramal Xosrovzadə isə "Sinxron tərcümənin peşəkar perspektivləri: Şifahi tərcümənin növləri, çətinlikləri və beynəlxalq tədbirlərdəki rolu" mövzularında məruzələrlə çıxış ediblər.
İştirakçılar tərəfindən maraqla qarşılanan tədbirdə müzakirələr aparılıb, mövzu ilə bağlı suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığının və motivasiyasının artırılması, ixtisaslı kadrların sayının çoxaldılması, gənclərin karyera quruculuğuna dəstək göstərilməsi və onların şəbəkələşməsinin təmin edilməsidir.

Digər Xəbərlər