- 29 Jan 2026
Türkiyənin Uşak Universitetinin Türk dili və ədəbiyyatı ixtisası üzrə 6 doktorantı Bakı Avrasiya Universitetində (BAAU) akademik səfərdə olub.
Səfər çərçivəsində qonaqlar BAAU-nun rektoru, dosent Səyavuş Qasımovla görüşüblər. Görüş zamanı rektor, dosent Səyavuş Qasımov Universitetin fəaliyyəti, tədris və elmi-tədqiqat istiqamətləri, eləcə də beynəlxalq əməkdaşlıq strategiyası haqqında ətraflı məlumat verib. O, Türkiyə və Azərbaycan universitetləri arasında akademik əlaqələrin inkişafının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, bu cür qarşılıqlı səfərlərin elmi təcrübə mübadiləsinə və ortaq elmi layihələrin formalaşmasına mühüm töhfə verdiyini qeyd edib. Rektor həmçinin gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasının universitetin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Uşak Universitetinin doktorantları da öz növbəsində təhsil aldıqları universitetdə aparılan elmi araşdırmalar, türk dili və ədəbiyyatı sahəsində mövcud tədqiqat istiqamətləri barədə məlumat verib, BAAU ilə elmi əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Daha sonra qonaqlar BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova, Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva, Filologiya fakültəsinin dekanı, dosent Salman Süleymanov, fakültənin professor-müəllim heyəti ilə görüşlər keçiriblər. Görüşlər zamanı universitetin elmi-tədqiqat fəaliyyəti, akademik mübadilə imkanları, qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və gələcək birgə layihələrin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda Uşak Universitetinin doktorantları BAAU-nun Nəzəri dilçilik və Türk dilləri kafedrası, eləcə də Azərbaycan və dünya ədəbiyyatı kafedrasının professor-müəllim heyəti ilə görüşüblər. Görüş zamanı türkoloji araşdırmalar, müasir dilçilik problemləri və elmi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Qeyd edək ki, bu cür akademik səfərlər universitetlərarası əlaqələrin möhkəmləndirilməsinə, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsinə və beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfə verir.




