- 20 Apr 2026
Bakı Avrasiya Universiteti (BAAU) təhsilin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində müxtəlif təhsil proqramlarında fəal iştirak edir. Bu proqramlardan biri də ABŞ Dövlət Departamentinin icra etdiyi İngilis dili üzrə mütəxəssis mübadilə proqramıdır (English Language Fellow Program).
Sözügedən proqram çərçivəsində BAAU-nun Keyfiyyət təminatı sektorunun müdiri, eyni zamanda Filologiya fakültəsinin Tərcümə kafedrasının baş müəllimi Esmira Talıbova amerikalı müəllim xanım Jordan Brown ilə birlikdə yaz semestrinin əvvəlindən etibarən tələbələrə müasir və innovativ tədris modeli əsasında dərs keçir.
Tətbiq olunan birgə tədris modeli müasir ali təhsil mühitində pedaqoji yanaşmaların qarşılıqlı inteqrasiyası baxımından effektiv mexanizm kimi dəyərləndirilir. Bu model dərs prosesində müxtəlif metodoloji yanaşmaların uzlaşdırılmasına, qabaqcıl tədris təcrübələrinin paylaşılmasına, eləcə də təlim mühitinin daha interaktiv və tələbəyönümlü şəkildə təşkilinə şərait yaradır.
Tələbələr üçün yaradılan bu imkanlar onların akademik ingilis dili bacarıqlarının inkişafına, fərqli tədris modelləri ilə tanışlığına və mədəniyyətlərarası ünsiyyət kompetensiyalarının formalaşmasına müsbət təsir göstərir. Bu isə müasir qlobal əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunan təşəbbüs, eyni zamanda, tədris proqramlarının təkmilləşdirilməsi, innovativ tədris üsullarının tətbiqi və qiymətləndirmə mexanizmlərinin inkişafı istiqamətində institusional səviyyədə davamlı keyfiyyət təminatı proseslərini dəstəkləyir.
Beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu birgə tədris təcrübəsi universitetdə akademik mühitin zənginləşdirilməsinə və təhsilin keyfiyyətinin davamlı olaraq artırılmasına mühüm töhfə verir.




