Xəbərlər

BAAU-da 28 May Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir! ” adlı Elmi seminar keçirilib

BAAU-da 28 May Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir! ” adlı Elmi seminar keçirilib
  • 28 May 2025

Bakı Avrasiya Universitetində (BAAU) 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümünə həsr olunmuş “Müstəqilliyimiz əbədidir!” adlı elmi seminar keçirilib. Tədbirdə universitet rəhbərliyinin nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələri, qonaq qismində isə Azərbaycan Respublikasının əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova və Azərbaycan Jurnalistlər Birliyinin sədri, Azərbaycan Yazıçılar İttifaqının üzvü, jurnalist, yazıçı Elçin Şıxlı iştirak edib. 

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, ardınca isə müstəqilliyimiz uğrunda, Vətən uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə öz işinə başlayıb. Elmi seminarı giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova 28 May tarixinin milli dövlətçilik tariximizdəki əhəmiyyətindən bəhs edib və tədbirin məqsədi barədə iştirakçılara məlumat verib.

Elmi seminarda BAAU-nun Nəzəri dilçilik və türk dilləri kafedrasının professoru Ədalət Tahirzadə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, cümhuriyyətin yaranmasından, onun tarixi-siyasi əhəmiyyətindən və dövlətçilik ənənələrimizdə oynadığı roldan  geniş bəhs edib.

Daha sonra dosent Firdovsiyyə Əhmədova 28 May Müstəqillik Gününün tarixi kökləri və Cümhuriyyətin yaranma və formalaşma mərhələləri haqqında məruzə ilə çıxış edib. Ardınca jurnalist və yazıçı Elçin Şıxlı çıxış edərək, 28 May tarixinin bu günü yaşayan nəsillər üçün önəmini diqqətə çatdırıb və Cümhuriyyət ideyalarının bu gün də aktual olduğunu vurğulayıb.

Seminarda tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin İran-Qacarlar dövləti ilə münasibətləri” mövzusunda elmi məruzə təqdim olunub.

Tədbir sual-cavab və interaktiv müzakirə mərhələsi ilə yekunlaşıb.

Seminarın sonunda xatirə şəkilləri çəkilib.

Digər Xəbərlər