- 25 Apr 2025
2025-ci il 25 aprel tarixində Bakı Avrasiya Universiteti (BAAU) və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış – yerli sakinlərin hüquqlarının bərpası” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbirdə BAAU-nun professor-müəllimləri və tələbələr iştirak ediblər.
Tədbirdən əvvəl Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Qaya Məmmədov BAAU-nun rektoru dosent Səyavuş Qasımovla görüşüb. Görüşdə Qərbi Azərbaycan məsələləri, elmi əməkdaşlıq və gənclərin maarifləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Tədbirin açılış nitqini BAAU-nun rektor müşaviri Şəfahət Əliyev edib. O, tədbirin əsas məqsədinin Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların tarixi və hüquqi haqlarının bərpası, onların doğma torpaqlarına geri qayıdışı ilə bağlı mövcud problemlərin müzakirəsi, bu istiqamətdə elmi-nəzəri yanaşmaların və təkliflərin irəli sürülməsi olduğunu bildirib.
Sonra, Q.Məmmədov öz çıxışında İcmanın fəaliyyəti, ölkə başçısı tərəfindən qarşıya qoyulmuş strateji məqsədlər və gənclərin Qarabağ və Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı rolu haqqında məlumat verib. O, qeyd edib ki, İcma Azərbaycanın tarixi torpaqlarında yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi və onların mədəni irsinin qorunması üçün fəal işlər görür.
Daha sonra dəyirmi masanın proqramına uyğun olaraq BAAU-nun əməkdaşları məruzələrlə çıxış ediblər. BAAU-nun Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov “Qərbi Azərbaycan həqiqətləri ilə bağlı siyasi arenada olan mövqelər”, Humanitar fənlər və regionşünaslıq kafedrasından dosent Əjdər Yunusov “Qərbi Azərbaycan toponimləri tarixi həqiqətlərin daşıyıcısı kimi”, dosent Jalə İsmayılova “1918-1920-ci illərdə Qərbi Azərbaycanda törədilmiş soyqırımlar”, dosent Pərinaz Sadıqlı “Qərbi Azərbaycanda maddi-mədəni irs: tarixi abidələr”, müəllim Məleykə Adıgözəlova “Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasının tarixi mərhələləri” və Aygün İsmayılova “Qərbi Azərbaycana qayıdış tələbinin tarixi və hüquqi əsası” mövzularında məruzələrlə çıxışlar ediblər.