- 30 May 2025
2025-ci il 27 may tarixində Azərbaycan Texniki Universitetinin (AzTU) və Pakistanın Milli Elm və Texnologiya Universitetinin (NUST) birgə təşkilatçılığı ilə keçirilən “İnnovativ və Kreativ Həllərin Tapılması (FICS)” beynəlxalq müsabiqəsinin final mərhələsi keçirilib. Tədbirdə Bakı Avrasiya Universitetinin (BAAU) Elm, İnnovasiya və Doktorantura sektorunun təşkilatçılığı ilə tələbələrindən ibarət iki komandası da iştirak edib. BAAU-dan qatılan “AWA Green” komandasının üzvləri Kazımlı Kamran, Əli Süleymanzadə, Ayxan Osmanov, Rəhiməxanım Babayeva və Elşən Quliyev ilə “TerraScan” komandasının üzvləri Şixəli Əli və Hüseynzadə Elcan sözügedən beynəlxalq müsabiqə təmsil olunublar.
Gün boyu iştirakçı komanda üzvlərimiz startap layihələrini təqdim ediblər. Tələbə komandalarımızın təqdimatları sənaye və təhsil sektorunu təmsil edən peşəkar münsiflər heyəti tərəfindən dəyərləndirilib. Tələbələrimiz bu nüfuzlu müsabiqədə startup ideyalarını və innovativ həllərini təqdim edərək yerli və beynəlxalq komandalarla bilik və təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər.
Qeyd edək ki, FICS (Finding Innovative & Creative Solutions) Pakistan İslam Respublikasında 2013-cü ildən etibarən hər il keçirilən ən böyük startap müsabiqəsidir. FICS müsabiqəsi gənc mütəxəssislərin qlobal düşünmə bacarığını inkişaf etdirməyi və dayanıqlı texnoloji həllərin təşviqini hədəfləyir. BAAU-nun komandaları ilk dəfə olaraq bu müsabiqədə iştirak ediblər.