Xəbərlər

BAAU-nun tərəfdaşlığı ilə “İnsan Kapitalı Forumu: Psixologiya və Sosial Dinamika” mövzusunda forum keçirilib

BAAU-nun tərəfdaşlığı ilə “İnsan Kapitalı Forumu: Psixologiya və Sosial Dinamika” mövzusunda forum keçirilib
  • 29 Nov 2025

Bakı Avrasiya Universiteti (BAAU), Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin, QAPI Psixologiya və İnkişaf Mərkəzinin, həmçinin tərəfdaş qurumların birgə təşkilatçılığı ilə Bakı Avrasiya Kollecində (BAAK) psixoloji biliklərin genişləndirilməsi və sosial dinamikaların elmi müzakirəsi məqsədilə “İnsan Kapitalı Forumu” keçirilib. Forumun moderatorluğunu psixoloji sahədə fəaliyyət göstərən Sevinc Burzuyeva həyata keçirib.

Forumun açılış hissəsində klinik psixoloq Heyran İbrahim “Asılılıqların psixologiyası” mövzusunda geniş elmi məruzə ilə çıxış edib. O, davranış və maddə asılılıqlarının psixodinamik əsaslarını, asılı şəxslərdə müşahidə olunan psixoloji müdafiə mexanizmlərini, ailə mühitinin və sosial faktorların asılılıq prosesinə təsir mexanizmlərini elmi faktlar əsasında şərh edib. Heyran İbrahim həmçinin erkən diaqnozun, psixoterapevtik müdaxilələrin və psixo-sosial reabilitasiya modelinin vacibliyini vurğulayıb.

Forumda yazıçı və psixoloq İlqar Kamil “Həqiqi Olmaq” mövzusu çərçivəsində insanın özünüdərk prosesi və “gerçək mən” anlayışının formalaşması haqqında çıxış edib. O, sosial rolların fərdin daxili azadlığına təsirini və insanın psixoloji bütövlüyə gedən yolunu nəzəri və praktik aspektlər əsasında izah edib.

Ailə və uşaq psixoloqu Vüsalə Əmiraslanovanın “Ünsiyyət Psixologiyası” mövzusunda təqdimatı isə kommunikasiya prosesində baş verən psixoloji mexanizmlərin, ailədaxili ünsiyyətin emosional mahiyyətinin, konfliktlərin psixoloji köklərinin və sağlam ünsiyyət modellərinin elmi təhlilinə həsr olunub. O, həmçinin yeniyetmələrlə ünsiyyətdə davranış strategiyalarını və emosional tənzimləmə üsullarını iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə iştirak edən tanınmış psixoloqlar və mütəxəssislər cəmiyyətin psixoloji rifahının artırılmasına xidmət edən aktual mövzularla çıxışlar ediblər, iştirakçılarla mövzular üzrə interaktiv müzakirələr aparıblar və sualları cavablandırılıb.

Digər Xəbərlər