- 10 Feb 2026
Bakı Avrasiya Universitetinin (BAAU) Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, fil.ü.e.d., prof. Elmira Məmmədova-Kekeçin təşkilatçılığı ilə “Blum və Anderson taksonomiyalarına görə fənn təlim nəticələrinin müəyyənləşdirilməsi” mövzusunda elmi-praktik təlim təşkil olunmuşdur. Təlimdə universitetin müxtəlif kafedralarının professor-müəllim heyəti iştirak etmişdir.
Təlimin əsas məqsədi BAAU-nun professor-müəllim heyətinin fənn təlim nəticələrini beynəlxalq akademik standartlara uyğun, ölçülə bilən və proqram təlim nəticələri ilə əlaqələndirilmiş şəkildə formalaşdırmaq bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.
Təlim çərçivəsində klassik Blum taksonomiyası və onun yenilənmiş modeli olan Anderson taksonomiyası müqayisəli şəkildə təqdim edilmiş, idrak səviyyələrinin struktur xüsusiyyətləri izah olunmuş və praktik nümunələr üzərində tətbiqi məşğələlər keçirilmişdir.
İştirakçılar taksonomiyaların əsas anlayış və terminlərini təhlil etmiş, klassik və yenilənmiş model arasındakı fərqləri müəyyənləşdirmiş, ölçülə bilən fəaliyyət fellərinin seçilməsi prinsiplərini öyrənmiş, sillabus nümunələri əsasında fənn təlim nəticələrinin yazılması üzrə praktik tapşırıqlar yerinə yetirmiş, təlim nəticələrinin qiymətləndirmə üsulları ilə uyğunlaşdırılması mexanizmlərini müzakirə etmişlər.
Təlim interaktiv formatda keçirilmiş, iştirakçıların sualları cavablandırılmış və real tədris situasiyaları əsasında müzakirələr aparılmışdır.
Sonda qeyd olunmuşdur ki, müasir ali təhsil mühitində nəticəyönümlü təhsil modelinin tətbiqi təlim nəticələrinin düzgün müəyyənləşdirilməsindən başlayır və bu istiqamətdə sistemli yanaşma keyfiyyət təminatının əsas şərtlərindən biridir.




