Xəbərlər

“İqlimə uyğunlaşan şəhərlər üçün dayanıqlı mənzil sistemləri: iqtisadi, sosial və texnoloji yanaşmalar” mövzusunda praktiki seminar keçirilib

“İqlimə uyğunlaşan şəhərlər üçün dayanıqlı mənzil sistemləri: iqtisadi, sosial və texnoloji yanaşmalar” mövzusunda praktiki seminar keçirilib
  • 12 Mar 2026

Bakı Avrasiya Universiteti (BAAU) tərəfindən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) gedən yolda həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (AUC2026) çərçivəsində “İqlimə uyğunlaşan şəhərlərdə dayanıqlı mənzil sistemləri: iqtisadi, sosial və texnoloji yanaşmalar” mövzusunda praktiki seminar keçirilib. Tədbir iqlim dəyişiklikləri fonunda şəhər inkişafının dayanıqlı modellərinin formalaşdırılması, mənzil əlçatanlığı və müasir urban idarəetmə yanaşmalarının müzakirəsinə həsr olunub.

Seminarın açılışında BAAU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Sevda Rzayeva çıxış edərək 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin və dayanıqlı şəhər mühitinin formalaşdırılmasının müasir dövrdə xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, çıxışında həmçinin iqlim dəyişikliklərinin şəhər infrastrukturu və mənzil siyasətinə təsirinin nəzərə alınmasının vacibliyini qeyd edib, bu istiqamətdə akademik mühit, dövlət qurumları və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə BMT-nin Məskunlaşma Proqramının təbliğat və layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə, Nərimanov Rayon İcra Hakimiyyətinin Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri Natiq Əbdürrəhmanov və “Urban Nature Based Solutions” MMC-nin təsisçisi Elmira Fərzəliyeva çıxış edərək şəhərsalma prosesində dayanıqlı yanaşmalar, iqlimə uyğunlaşma mexanizmləri və beynəlxalq təcrübə barədə fikirlərini bölüşüblər.

Seminar çərçivəsində keçirilən ekspert çıxışlarında müxtəlif akademik və praktiki istiqamətlər üzrə təqdimatlar dinlənilib. İqtisadiyyat kafedrasının müəllimləri Gülnarə Bayramova və Pərvin Verdiyeva “Mənzil əlçatanlığı və iqtisadi dayanıqlıq məsələləri”, Riyaziyyat və İKT kafedrasının müəllimi Kərim Tahiroğlu və Pərvanə Rəşidova “Rəqəmsal şəhərsalma və idarəetmə mexanizmləri”, Ümumi fənlər kafedrasının müəllimi Ayşən Mustafazadə “Urban mühitdə sosiallaşma və inklüziv icmaların formalaşdırılması məsələləri”, Sosial və siyasi fənlər kafedrasının müəllimi Nəzrin Bayramzadə isə “Urban rifah kontekstində mənzil əlçatanlığı” kimi mövzularda çıxış ediblər.

Tədbirin növbəti hissəsində tələbələrdən ibarət üç qrup sözügedən mövzuya aid hazırladıqları layihə təkliflərini təqdim ediblər. Tələbələrin hazırladıqları layihə təklifləri iqtisadi dayanıqlıq və mənzil siyasəti, sosial ədalət və inklüziv urban inkişafı, eləcə də ağıllı ev və ağıllı şəhər konsepsiyalarının tətbiqi istiqamətləri mövzularına aid olub. Tələbələr çıxışlarında şəhər planlaşdırılmasında təhlükəsiz və davamlı mənzil sistemlərinin formalaşdırılması, sosial mənzil siyasətinin inkişafı və innovativ urban həlləri ilə bağlı araşdırmalarını və həll yollarını seminar iştirakçıları ilə bölüşüblər.

Seminar çərçivəsində səsləndirilən ideyalar və təkliflər gələcək elmi müzakirələr və praktik təşəbbüslər üçün faydalı olduğu qeyd olunub. Tədbir ümumi müzakirələrlə və xatirə şəklinin çəkilməsi ilə  yekunlaşıb.

Digər Xəbərlər